FIG Dünya Kuboku

İDMAN / Gimnastika

Yüklənir..

Tədbir haqqında:

FIG Dünya Kuboku

MƏŞHUR İDMAN GİMNASTLARI YENİDƏN BAKIDA

Bu dəfə Milli Gimnastika Arenası öz qapılarını məhz idman gimnastlarının üzünə açacaq.

Belə ki, 16-19 mart tarixlərində Bakıda Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi keçiriləcək.  Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu kubokda 21 ölkədən ümumilikdə 90 kişi, 46 qadın idmançının çıxışı gözlənilir.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

2015-ci ildən etibarən Bakıda gimnastikanın bütün olimpiya növləri üzrə Dünya Kuboku mərhələrinin keçirilməsi artıq ənənəyə çevrilib. İrimiqyaslı beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq yüksək səviyyədə təşkili əlbəttə, ölkədə gimnastika növlərinin inkişafına böyük təkan verir və gimnastika sevərlərin sayını ildən ilə artırır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil ediləcək kubokda arenaya toplaşacaq tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar. Yarış boyunca keçiriləcək əyləncəli fləşmoblar, maraqlı müsabiqələr gimnastika sevərlərə fərqli gün yaşadacaq.

Məşhur kişi idmançıları arasında Olimpiya Oyunlarının bürünc medalçısı, dəfələrlə Avropa və Dünya Çempionatının mükafatçısı Nistor Ioan Laurentiu (Rumıniya), Avropa Çempionu Aleksandr Şatilov (İsrail) və Olimpiya Oyunlarının gümüş medal mükafatçısı Filip Ude (Xorvatiya) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya Çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medal mükafatçısı Oksana Çusovitina (Özbəkistan) kimi məşhur gimnastlar yer alır.

Ölkəmizi bu turnirdə Avropa Oyunlarının 5 qat mükafatçısı, Olimpiya Oyunlarının finalçısı Oleq Stepko, Murad Ağarzayev, Timur Bayramov, qadın idman gimnastları Yulia İnşına, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcəklər.

Turnirə biletləri Arenanın kassasından, Bazarstore mağazalar şəbəkəsinin Xətai və  28 mall filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 6 və 8 manat təşkil edir.

Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.

Xəritə