YARAT Müzakirələri: Ramiz Fətəliyev

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

YARAT Müzakirələri: Ramiz Fətəliyev

Əziz dostlar!

YARAT Mərkəzi bir ildən artıq məşhur rəssamlar, yazıçılar, jurnalistlər, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər silsiləsi təşkil edir. Bu tədbirlərin məqsədi - tanınmış simalara müraciət edərək, YARAT Mərkəzinin daimi kolleksiyası və mövcud sərgilərini mülahizə etmək, müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaqdır.

Ötən yay tanınmış Azərbaycan ssenaristi və rejissoru Ramiz Fətəliyev ilə görüş obyektiv səbəblərə görə təxirə salınmışdı. Sizə sevinc hissi ilə elan edirik, nəhayət ki, Ramiz bəylə görüş noyabr ayının 24-ü baş tutacaq! Beləliklə, həftənin cümə axşamı sizi unudulmaz bir gecəyə dəvət edirik.

Rejissor və ssenarist Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Moskvada Sergey Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) Ali rejissorluq və ssenaristlər kurslarını bitirib.

Ramiz Fətəliyev 40-dan çox bədii filmin ssenari müəllifidir, o cümlədən: “Ailə işi” (1982, rej. Nikolay Maletski), “Şahidsiz” (1982, rej. Nikita Mixalkov), “Sizi dünyalar qədər sevirdim” (1985, rej. Rasim İsmayılov), “Təzə evlənənlər üçün çətir” (1986, rej. Rodion Naxapetov), “Yaramaz” (1988, rej. Vaqif Mustafayev.
Ramiz Fətəliyev “Bir anın həqiqəti” (2003, “Sarvan” kino şirkəti, Azərbaycan), “Qraf Krestovski (2004, NTV, Rusiya) teleseriyalların və “Hökmdarın taleyi” (Dilşad Fatxulin ilə birgə, 2008, A.S.V.A. Profi Studiya XXI Prodüser Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyin sifarişi ilə) bədii filminin rejissorudur.
Sənətkar 1974-1975-ci illərdə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası Azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985-1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır. 1986-cı ildə səsvermə yolu ilə “Azərbaycanfilm” kinostudiyasının direktoru seçilib və bu vəzifədə 1995-ci ilədək çalışıb. 1990-1995-ci illərdə əvvəlcə Azərbaycan ali sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. Millət vəkili olduğu dövrdə Milli Məclisin Xocalı faciəsini araşdıran komissiyasının və İnsan hüquqları və millətlərarası münasibətlər daimi komissiyasının rəhbəri olmuşdu.

2000-ci illərin ortalarında Rusiyanın paytaxtı Moskva şəhərində yaşayarkən bir sıra filmlərin və teleseriyalların ssenari müəllifi olmuşdur, o cümlədən: Rusiya Federasiyası İdman və Bədən tərbiyəsi Dövlət Komitəsinin rəhbəri Vyaçeslav Fetisovun sifarişi ilə hazırlanmış məşhur xokkey ustaları haqqında “Rus beşlik” layihəsi.

Tarix: 24 noyabr 2016-cı il
Vaxt: 19:00
Yer: YARAT Müasir İncəsənət Mərkəzi (1-ci mərtəbə) (Dövlət Bayrağı Meydanının yaxınlığı)

Xəritə