Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramınının VI təliminə - Bədən Dili təliminə qeydiyyat artıq başlandı!
Ünsiyyət zamanı insan özü bilmədən belə müəyyən hadisələrə üz ifadələri və bədən duruşu ilə - bədən dili ilə reaksiya verir. Bu reaksiyaların düz məna daşıması çox vacibdir. Bədən dilini bilməklə, hər bir şəxs öz reaksiyalarını idarə edə bilər və qarşısında olan şəxsin narazılığına səbəb olan hərəkətlərdən qaça bilər. Bədən dili həm də insanın əsl, gerçək düşüncəsini, hisslərini və niyyətlərini anlamağa köməklik göstərir.
Təlimin əsas mövzuları aşağıdakılardır:
• “Bədən dilinin” nitqdə əhəmiyyəti
• Pozitiv və neqativ jestlər
• “Bədən dilinin” təsir mexanizmi
• İnsanın gözünə baxmaq nəyə görə vacibdir?
• Əlləri çarpaz saxlamaq nəyə görə məsləhət görülmür?
• Neqativ jestlərdən necə qurtulmaq olar?
Müasir dövrdə Bədən Dili uğurlu ünsiyyətin vacib pilləsidir və əgər siz də gələcəkdə şəxsi və professional karyeranızda uğurlu insan olmaq istəyirsinizsə, bu təlimdə iştirak sizin üçün əvəzolunmaz bir fürsətdir.
Təlimin birinci hissəsi beynəlxalq səviyyəli biznes təlimçisi Rəşad Bayramov tərəfindən keçiriləcək. Təlimçi olmaqla yanaşı, Rəşad Bayramov həmçinin BP Azərbaycan şirkətinin xarici işlər şöbəsinin rəhbəri vəzifəsində çalışır.
Təlimin ikinci hissəsinin qonağı isə Azərbaycanın əməkdar artisti Cabir İmanov olacaq. Qeyd edək ki, ikinci hissədə Cabir İmanov öz iş təcrübəsi barədə danışacaq və könüllülərin suallarına cavab verəcək.
Təlimə müraciət üçün şərtlər və qaydalar:
• Bakı 2017 Könüllüləri aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər;
• Qeydiyyatdan keçən ilk 400 nəfər təlimdə iştirak imkanı əldə edəcək;
• Təlimin sonunda könüllülər iştiraka görə sertifikatla təltif olunacaq.
Təlimin vaxtı: 8 Aprel, 10:30
Məkan : Park inn, Dan Ulduzu zalı