YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsinin ikinci buraxılışının Təcrübə. Düşüncə. Nəticə adlı yekun sərgisini təqdim edir.
Açılış: 7 mart, saat 19:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş sərbəstdir
Birillik ARTIM Lab kursu ərzində, iştirakçı rəssamlar müxtəlif mövzular və texnikalar ilə eksperimentlər aparmaq, habelə seminarlar, praktiki məşğələlər və mühazirələr vasitəsilə təcrübə qazanmaq imkanı əldə etdilər. Buraxılış sərgisində, rəssamların təqdim etdikləri əsərlərində müzakirə edilən araşdırmaların nəticələri, o cümlədən emiqrasiya və qloballaşma, şəxsi təcrübə, tarixi araşdırmalar, analitik yanaşmalar yer alıb. Yekun sərgi Günay Əliyeva, Roman Qocayev, Yunis Novruzov, Şəlalə Salamzadə və Sofiya Əhədovanın müxtəlif spektrli instalyasiyalarını nümayiş edir.
Günay Əliyeva məkana uyğunlaşan Yola vermə. Yolunu vermə. Azarsan adlı poetik instalyasiyasında öz həyat prinsip və düşüncələrini bölüşür. Sözün əsl mənasında üç kəlmə ilə ARTIM Lab layihəsində keçdiyi yolu xarakterizə etmək istəyən gənc araşdırmaçı-rəssam əl izlərinin xətləri ilə öz avtobioqrafiyasını təsvir edir.
Roman Qocayevin Məni var edən şey yoxluğumdur adlı instalyasiyası şəxsi təcrübədən qaynaqlanır. Rəssam stereotiplər, mental və fiziki dəyərlərin hökm sürdüyü cəmiyyət ideyası ətrafında öz mövqeyini göstərməyə çalışır. İnstalyasiya Qocayevin uşaqlıq təsəvvürlərinin və yetkin yaş təcrübəsinin əsasında ərsəyə gəlib.
Sofiya Əhədovanın Ksenofobiya xəritəsi humanizm ideyalarını vurğulayaraq, demoqrafiya xəritəsinin sürətli dəyişməsində rolu olan emiqrasiya və qloballaşma kimi mövzulara də toxunur.
Şəlalə Salamzadənin DIV (Digital Intelligent Void) instalyasiyası bir-birinə zidd olan xaos və harmoniya ideyalarını əks etdirir. Şəlalə rəqəmsal dövrdən başlayaraq bəşəriyyət tarixini analizə edib, kəskin sistem dəyişiklikləri, kritik situasiyaları, münaqişələrin başlandığından əvvəl insanların adi gündəlik həyat tərzi sürdüyünü və heç nədən xəbərsiz olduqlarını vurğulayır.
Yunis Novruzov Bakı Qız qalasının tarixi, təyinatı və etimologiyasını uzun illər ərzində araşdıraraq, abidənin qədim musiqi aləti olan balabanla əlaqəsini müəyyən edib. Bu qənaətə o, Naxçıvanın Nəsirvaz kəndinin petroqlif-piktoqramları hərflərə böldükdən sonra gəlmişdir. Vizual olaraq analogiyanı kinetik instalyasiya vasitəsilə çatdırmağa çalışan Yunis, hər ikisinin mədəniyyətimizdə qədim tarixə malik olmasını göstərməyə çalışır.
Açılış zamanı dəvət olunmuş müstəqil ekspertlər kurator-rəssam Sabina Şıxlinskaya və rəssam Faiq Əhmədin münsifliyi ilə layihənin qalibi seçiləcək. Qalib seçilmiş iştirakçı 2019-cu ildə YARAT-da 6 ay müddətinə rezidentura imkanını əldə edəcək.
Sərgi müddətində iştirakçılar tərəfindən ustad dərslər, mühazirələrin keçirilməsi də nəzərdə tutulur.
ARTIM Lab haqqında
YARAT Müasir İncəsənət Məkanı ARTIM Lab layihəsi çərçivəsində 18-30 yaşlı yaradıcı şəxslərə 1 il müddətində istifadə etmək üçün emalatxana və incəsənət mütəxəssisləri tərəfindən keçiriləcək silsilə seminarlar təklif edir. Layihədə incəsənətin hər hansı sahəsində təcrübəsi olan, yaxud incəsənət sahəsi üzrə təhsil alan tələbələr iştirak edə bilər. Başlıca məqsəd, iştirakçıların eksperimental təcrübələri vasitəsi ilə incəsənətin müasir formaları ilə məşğul olmasına, müxtəlif materiallar, sənət texnikalarını və strategiyaları tətbiq etməsinə və sınaqdan keçirməsinə şərait yaratmaq, yaradılan əsərlərin ideyasını sözlə ifadə etmək qabiliyyətini inkişaf etdirmək imkan verməkdir. Təlim proqramı müddətində, YARAT tərəfindən YARAT STUDIOS məkanında birgə emalatxana, YARAT kuratorlar komandası ilə davamlı görüşlər, fakültativ məşğələlər və tədbirlər (rəssamlarla görüş və s.), 24 saatlıq 4 təqdimat, proqramın sonunda isə ARTIM Layihə Məkanında yekun sərginin keçirilməsi təşkil ediləcək.
Sərginin müddəti: 7 mart – 24 mart
İş rejimi: Çərşənbə axşamı – Bazar, 12.00 – 20.00