YARAT Film Klub sizi növbəti kino tədbirinə dəvət edir. 1 noyabr 2016-cı il tarixində Rusiya rejissoru Yekaterina Teleqinanın “Küləyin ani şiddəti” adlı qısametrajlı filmi təqdim olunacaq.
Küləyin ani şiddəti (Rusiya, 2009, 23 dəq.)
Rejissor: Yekaterina Teleqina
Adi insanın bir günü. Bütün bəşəriyyət onun əleyhinə olduğu bir gün. Onun həyatını dəyişən gün. Birdən küləyin qopduğu gün. Hamımıza çatışmayan bir gün.
Rejissor və aktrisa Yekaterina Teleqina Rusiyanın Omsk şəhərində anadan olub. O, F.M. Dostoyevski adına Omsk Dövlət Universitetinin “Mədəniyyət və incəsənət” fakültəsində təhsil alıb. 2004-cü ildə Internews.m Kino və Televiziya Məktəbini, 2009-cu ildə isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin “Rejissor” fakültəsini (V. Xotinenko və V. Fençenkonun emalatxanası) bitirib. Bir sıra filmlərin, o cümlədən: “Küknarlar-3” (2013), “Vidalaşma vərdişi” (2013), “Valehedici gəzinti” (2016) kimi ekran əsərlərinin rejissorudur.
“Küləyin ani şiddəti” adlı qısametrajlı filmi bir çox beynəlxalq festivalların mükafatlarına layiq görülüb, o cümlədən: Müqəddəs Anna 2010 (Ən yaxşı film), KİNOTAVR 2009 (Operator ustalığına görə Münsiflər heyətinin Xüsusi Diplomu), Moskva Beynəlxalq Kino Festivalı 2009 (Tələbələr üzrə Qran-Pri), DEBÜT FİLMİ 2009 Moskva Beynəlxalq Qısametrajlı Filmlər Festivalı (Ən yaxşı film), ARTKİNO 2009 (Tamaşaçılar rəğbəti mükafatı).
Film rus dilində (ingilis alt yazıları ilə) nümayiş olunacaq.
Tarix: 1 noyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.